Qazın 50 çaları | VİDEO
// Hidrogenimiz hansı rəngdə olacaq?
Elektroliz prosesini həyata keçirmək üçün elektirk enerjisi lazımdır. Həmin enerji günəş, yaxud külək qurğusundan alınırsa, ətraf mühitə mənfi təsir göstərilmir. Bu yolla əldə olunan hidrogen “yaşıl hidrogen” adlanır.
Təbii qazın molekulunda, formulundan da göründüyü kimi (CH4), 4 hidrogen atomu var. Amma bu zaman karbon qazı da yaranır. Həmin karbon atmosferə buraxılmır və toplanaraq xüsusi yerlərdə saxlanılır. Hətta onun neft quyularına vurulması təklifi də var. Bu yolla alınan hidrogen “mavi” adlanır. Əgər prosesdə ayrılan karbon havaya buraxılırsa, onda hidrogenin rəngi bozarır, yəni “boz hidrogen” alınır.
Bunlardan başqa, atom enerjisindən istifadə yolu ilə hasil edilən “çəhrayı” və ya “qırmızı” hdirogen də mövcuddur. Bir haşiyə çıxaq: 1954-cü ildə atomdan dinc məqsədlər üçün istifadə başlayanda hesab olunurdu ki, dünya təxminən 20 ilə tamamilə nüvə enerjisinə keçəcək. Amma bu baş vermədi. Hazırda dünyanın enerji bazarında onun payı cəmi 9% təşkil edir.
Təbii qazdan (metan) hidrogen almaq üçün əvvəlcə onun özü emaldan keçməli, tərkibindəki “ağır” qazlar (etan, propan, butan) ayrılmalıdır. Bunun üçün xüsusi zavod olmalı, enerji sərf edilməlidir.
Hazırda metandan alınan “mavi” hidrogen optimal variant sayılır. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, “yaşıl hydrogen” külək enerjisindən düz 5 dəfə bahadır.
- Azərbaycanın su və qaz potensialı hidrogen enerjisinin istehsalı üçün hansı imkanları yaradır?
- 2050-ci ilə qədər inkişaf etmiş ölkələrdə və onların əhatələdiyi bazarlarda ənənəvi enerjinin istifadəsi dayandırılmalıdır. 2035-ci ildən Avropa İttifaqında daxiliyanma mühərrikli avtomobillərin istehsalı qanunla qadağan olunub.
Azərbaycanda neft erası təbii yolla başa çatır. 19-cu əsrin ortalarından indiyədək 2,2 milyard ton neft hasil etmişik. Bizim neft sənayemizin əsasını təşkil edən “Azəri-Çıraq-Günəşli” yatağında kommersiya baxımından məqbul həcmlərin çıxarılması, məncə, 2049-cu ildə başa çatacaq. 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev 21-ci əsrin bizim üçün qaz əsri olduğunu elan etdi. Yəni sənayemiz, iqtisadiyyatımız və enerji balansımız qaz relsləri üzərinə keçir.
2020-ci ildə dünya bazarlarında ənənəvi enrjiyə münasibətin kəskin şəkildə dəyişməsi nəticəsində, artıq 2023-cü ildə Dubayda keçirilən “COP28” beynəlxalq konfransında iqlimin sürətlə dəyişməsinin qarşısını almaq üçün yaxın 25 il ərzində ənənəvi enerjinin istehlakının dayandırılması qərara alındı.
Bu baxımdan, Azərbaycanın qarşısında hansı vəzifə dayanır? Bizim 100 illik qaz ehtiyatımız var və bu qazı 2050-ci ildə qadağa qoyulana qədər həmin bazarlarda sata bilərik. Hazırda bizim qazımızın 50%-i Avropa bazarlarında satılır. 2027-ci ilə bu həcm 60-65%-ə qədər artacaq. Ondan sonra “yaşıl enerji”dən alınan elektriki sata bilərik. Çünki Avropa Komissiyasının 2023-cü ildə qəbul etdiyi qərara əsasən, onlar ənənəvi enerjidaşıyıcılarından əldə olunan enerjiyə 2026-cı ildən ekoloji vergi tətbiq edəcəklər.
Bizim 5 Giqavatt “yaşıl enerji” ixrac etmək planlarımız və potensialımız var. Təkcə Qaradağdakı Günəş elektrik stansiyasında bir ildə 550 milyon kilovatt/saata yaxın elektrik əldə etmişik. Bu istehsal 2028-ci ilədək həndəsi silsilə ilə artacaq.
Müstəqilliyimizin ilk illərində biz qazımızı yandıraraq, elektrik enerjisinə çevirirdik. Elektirk istehsalının 93-94%-i İstilik-Elektrik Stansiyalarının payına düşürdü. İndi bu rəqəm 85%-dir. Yaxın 3 ildə 50%-ə qədər azalacaq. Çünki biz qazı satırıq, onu yandırmağın əvəzində gübrə və daha təmiz yanacaq kimi metanol alırıq ki, bundan da kimya sənayesində yarımfabrikat kimi istifadə edirik. Su, külək və günəş enerjisi hesabına biz “yaşıl” hidrogen və “yaşıl” elektrik almaqla ixrac potensialımızı yenidən şaxələndirə bilərik.
İstər SOCAR-ın, istərsə də Azərbaycanın Energetika nazirliyinin həm hökumətlərlə, həm də şirkətlərlə imzaladıqları “yaşıl” enerji üzrə memorandumların bir maddəsi də hidrogenin alternativ yanacaq kimi istehsalını, nəqlini və son məhsul kimi istifadəsini nəzərdə tutur.
Düşünürəm ki, 2035-ci ilə qədər hidrogenin dünya miqyasında özünü alternativ yanacaq kimi göstərməsi imkanı çox məhduddur. Əsas problem maliyyə məsələsidir. Təkcə Avropa İttifaqında 2020-2030-cu illərdə bununla bağı 7 milyard avro ancaq tədqiqatlara ayrılıb.
- Hidrogeni də təbii qaz kimi nəql edəcəyik?
- Hidrogeni təbii qaz kimi nəql etmək mümkün deyil. Çünki onun molekulları təbii qazınkından xeyli kiçikdir. Ona görə də boruların birləşmə nöqtəsindən sıza bilir ki, bu da itki deməkdir. Bu baxımdan, ilk mərhələdə 20% hidrogen qatmaqla təbii qazın tərkibini dəyişərək, daha təmiz ekoloji yanacağa çevirmək mümkündür. Amma mövcud kəmərlərlə sırf hidrogeni nəql etmək kommersiya nöqteyi-nəzərindən sərfəli deyil.
Avropada bu təşəbbüsü ələ alan Almaniya hidrogen infrastrukturunun yaradılmasına böyük vəsaitlər ayırır. Norveçdə çox böyük həcmdə qaz var. Amma öz ərazisində qaz istehlak etmir. Alternativ enerji mənbələrindən istifadə etməklə orada qazı elektrik enerjisinə çevirirlər. Bu baxımdan, həm “yaşıl” hidrogen, həm də qazdan alınan “mavi” hdirogenin istehsalı və boru kəməri ilə materikə ötürmək üçün Norveçdə çox münbit şərait var. Bunun üçün xüsusi kimyəvi tərkibə malik borular lazımdır. Onlar indiki borulardan baha olacaq. Hidrogeni borularla yox, tankerlərlə nəql etmək variantı da nəzərdən keçirilir. Daha bir varianta əsasən, onu avtomobillə də daşımaq olar.
Hidrogenin maye şəklində borularla göndərilməsi də təklif olunur. Ancaq bunun üçün onu -253 dərəcə temperatura qədər soyutmaq lazımdır ki, maye hala keçsin. Yəni borunun ətrafında bir növ soyuducu-termos yaradılmalıdır. Çünki maye hidrogen həm də təhlükəli maddəyə çevrilir.
Transadriatik kəmərinin səhmdarları TAP-ın infrastrukturunun hidrogenə uyğunlaşdırılacağını artıq bəyan ediblər. Əlbəttə, tam yox, kommersiya baxımından səmərəli olmaqla, müəyyən həcmdə.
- Azərbaycanın Avropanın hidrogen bazarında yer almaq şansları nə qədərdir?
- Hazırda biz bunu öyrənmə mərhələsindəyik. Bu kontekstdə ilk sənədi imzalamışıq. Amma bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən yararlanmaq olmayacaq, çünki hələ heç kimin elə təcrübəsi yoxdur. Biz dünya ilə parallel addımlamağa başlayırıq. Bazarı daim diqqətdə saxlayırıq.
Bu məsələdə heç Avropaya üz tutmaya da bilərik. Çünki təbii qazı karbon izi çox az olan yanacağa və müxtəlif məhsullara çevirməklə, neft-kimya sənayesinə malik ölkələrə sata bilərik. Məsələn, Türkiyədə kifayət qədər böyük bazarımız var. Bunun üçün heç boru infrastrukturuna da ehtiyac yoxdur. Sadəcə, bir qədər vaxt lazımdır.
İkincisi, ölkədə və ətrafında sabitlik lazımdır ki, böyük həcmdə malların Şərq-Qərb və Şimal-Cənub istiqamətində təhlükəsiz hərəkəti mümkün olsun. Hesab edirəm ki, bundan sonra Azərbaycan vətəndaşı üçün “neft bitdi, biz nə edəcəyik?” sualı yaranmayacaq. Çünki neft bitir, amma ondan qat-qat artıq şaxələnmiş bazarlara malik digər enerji növləri var.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Hidrogen istehsal nəql